Bu dəfə Pekin ABŞ-ı ittiham etdi - "Amerika şarları Çin üzərində 10 dəfə uçub"
Ötən ilin may ayından bəri ABŞ hava şarları Çin ərazisi üzərində, o cümlədən Sincan-Uyğur və Tibet Muxtar Bölgələri üzərində ən azı 10 dəfə uçub.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə çərşənbə günü keçirilən növbəti brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bildirib.
“Artıq vurğuladığımız kimi, keçən ilin may ayından etibarən ABŞ dəfələrlə öz ərazisi üzərində yüksək hündürlükdə hava şarları buraxıb, sonra isə onlar dünya ətrafında uçub.
ÇXR-in müvafiq orqanlarının icazəsi olmadan onlar Sincan-Uyğur və Tibet muxtar rayonları da daxil olmaqla, azı 10 dəfə Çinin hava məkanına daxil olublar”, - deyə o bildirib.
Diplomat qeyd edib ki, Çin dəfələrlə öz hava şarının fors-major vəziyyət nəticəsində ABŞ hava məkanına daxil olduğunu bəyan edib, Vaşinqton isə Amerika şarlarının Çin üzərində uçuşu ilə bağlı heç bir açıqlama verməyib.
"Çin lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır", - XİN sözçüsü bildirib.
Xatırladaq ki, fevralın 4-də ABŞ qüvvələri ölkənin hava sərhədləri daxilində Çinə məxsus hava şarını vurublar. Pentaqonun açıqlamasına görə, hava şarı “vacib məlumatların toplanması” ilə məşğul olub. Bu hadisə ilə əlaqədar ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini təxirə salıb.
Çin Xarici İşlər Nazirliyi Vaşinqtonun hərəkətlərinə etiraz edib. Pekin isə bəyan edib ki, meteoroloji şar təsadüfən Amerika hava məkanına düşüb.
Ümumilikdə, ABŞ fevral ayından bəri ən azı dörd belə hava şarını vurub - birincisi Atlantik okeanı üzərində Cənubi Karolina sahillərində, ikincisi - Alyaskanın şimalındakı sularda, üçüncüsü isə Kanada Arktikası üzərində məhv edilib. Sonuncu, dördüncü belə obyekt ABŞ-Kanada sərhədindəki Huron gölü üzərində vurulub.
Turan İSMAYIL