Türkiyə-Ermənistan sərhədi açılacaq - Nazirlər razılığa gəldi
Türkiyə və Ermənistan arasında yerüstü əlaqənin açılması üçün infrastrukturun hazırlanması prosesini sürətləndirmək üçün razılıq əldə edilib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla Ankarada keçirdiyi mətbuat konfransında bildirib.
"Hər iki tərəfdə sərhəd-keçid məntəqələrinə yaxın yollarda və körpülərdə aparılan təhlil və yoxlamaların nəticələri var. Hazırda iş gedir, sərhəd-keçid məntəqələrinə gedən yollarla bağlı atacağımız addımlar var. Bu gün biz razılığa gəldik ki, o tədbirlərin qəbulunu sürətləndirək”, - Çavuşoğlu deyib.
O xatırladıb ki, bu marşrut tarixi “İpək Yolu”dur və “onun bərpası böyük əhəmiyyət kəsb edəcək”.
Öz növbəsində Ararat Mirzoyan Ermənistanın regionda sülhün bərqərar olmasına, Türkiyə ilə münasibətləri tam tənzimləməyə, diplomatik münasibətlər qurmağa və sərhədləri tam şəkildə açmağa hazır olduğunu və istəyini təsdiqləyib.
"Bildirmək istəyirəm ki, biz bu prosesdə müəyyən detalları müzakirə etmişik. Ani körpüsünün birgə bərpası, eləcə də sərhədin tam açılması ərəfəsində müvafiq infrastrukturun qayğısına qalmaq barədə razılaşmamız var", - erməni nazir bildirib.
Turan İSMAYIL