Kreml bu ölkələrin mediasına Putinlə bağlı qadağa qoydu
Kreml Prezident Vladimir Putinin fevralın 21-də Federal Məclisə müraciətinə dost olmayan ölkələrdən gələn xarici media jurnalistlərini akkreditasiya etməyəcək. Tədbirdə yalnız dost dövlətlərin xarici mətbuat nümayəndələri şəxsən iştirak edə biləcəklər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çərşənbə günü jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezidentin Federal Məclisə müraciətinə gəlincə, orada dost ölkələri təmsil edən xarici media akkreditasiyadan keçəcək. Biz oraya dost olmayan ölkələrdən xarici medianı dəvət etməyəcəyik" - Peskov bildirib.
Kreml sözçüsü dəqiqləşdirib ki, “onlar istənilən kanalda canlı yayıma baxarkən işləyə biləcəklər”.
Fevralın 22-də Lujnikidə keçiriləcək mitinq-konsert üçün xarici KİV-in akkreditasiyası barədə danışan Rusiya liderinin mətbuat katibi bu barədə heç nə deyə bilməyəcəyini qeyd edib. O, bir müddət əvvəl bildirib ki, bu tədbirdə iştirak prezidentin cədvəlinə uyğun olarsa, bu barədə mətbuata məlumat veriləcək.
Qeyd edək ki, Peskov daha əvvəl elan etmişdi ki, Putin fevralın 21-də Federal Məclisdə müraciətlə çıxış edəcək. Tədbir Moskvada "Qostini Dvor"da baş tutacaq. O, tədbirə dəvət olunanlardan danışaraq qeyd edib ki, ənənəvi kateqoriyalı qonaqlarla yanaşı, yeni qonaqlar, o cümlədən "xüsusi hərbi əməliyyat"ın iştirakçıları olacaq.
Turan İSMAYIL