"Kremlin məqsədi Kiyevi və bütün Ukraynanı ələ keçirməkdir" - Müdafiə naziri
Rusiya rəhbərliyinin Kiyevi və nəhayət, bütün Ukraynanı ələ keçirmək məqsədi dəyişməz olaraq qalır.
Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
"Kremlin strateji məqsədi dəyişməzdir - Kiyevi və bütün Ukraynanı ələ keçirmək. Lakin onların resursları yoxdur. Buna görə də onların taktiki məqsədi Luqansk və Donetsk vilayətlərini ələ keçirmək və danışıqların aparılmasını tələb etməkdir", - nazir bildirib.
Onun sözlərinə görə, hazırda düşmənlə cəbhə xətti 2500 km-ə yaxındır. Ukraynanın şərqində və cənubunda aktiv döyüşlər davam edir, o cümlədən ruslar Luqansk vilayətinin şimalından Donetsk vilayətinin Vuhledarına qədər olan xətt boyunca təzyiqləri artırırlar.
"Baxmut ərazisində müdafiəçilərimizə qarşı böyük resurs cəmlənib. Ağır döyüşlər gedir. Düşmən böyük itkilər verir. Əsgərlərimiz müdafiəni qəhrəmancasına və məharətlə tutur. Təəssüf ki, bizim də itkilərimiz var. Ona görə də Ukrayna Müdafiə Qüvvələri, bütün müdafiəçilərimizin maksimum dəstəyə ehtiyacı var”, - deyə Reznikov bildirib.
Müdafiə nazirinin sözlərinə görə, yaxın aylarda Rusiya tərəfindən təzyiqlərin artacağı gözlənilir. Bütün bu müddət ərzində Kreml gizli səfərbərliyi dayandırmadı, lakin indi itkiləri əvəz etmək və növbəti işğalı təşkil etmək üçün ruslar yeni dalğanı açıq elan edə bilər.
Reznikov əmindir ki, tərəfdaşlar uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə hazırdırlar. O, həmçinin bir neçə dövlətin mövqeyinin dəyişəcəyinə ümid edir: "Məsələn, indi alman "Gepard" sistemləri üçün sursatların tədarükünü qadağan edən İsveçrə. Qərarların tez qəbul edilməsi, silah və sursatların kifayət qədər miqdarda təmin edilməsi bizim üçün vacibdir”, - Reznikov əlavə edib.
Turan İSMAYIL