Ruslar Ukraynada hücumların taktikasını dəyişiblər
Ukraynaya gecə hücumu zamanı Rusiya ordusu kamikadze dronlardan istifadə etməyib, yalnız raketlərdən istifadə edib. Ukrayna Hərbi Hava Qüvvələrində Rusiyanın hərəkətlərindəki bu dəyişiklik yeni bir taktika adlandırılıb və bunun səbəbi izah edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığının sözçüsü, polkovnik Yuri İqnatın bəyanatına istinadən məlumat yayıb.
“Biz bu faktı (taktikanın dəyişdirilməsi - red.) ona görə bildirdik ki, düşmən adətən səhər saatlarında mümkün raket hücumunu düzəltmək üçün bizim hava hücumundan müdafiəni haradasa yoxlamaq, mövqelərimizi aşkara çıxarmaq üçün "Şahed"lərdən istifadə edirdi. Bu dəfə gecə hücumu görürük və heç bir "Şahed" yox idi, raketlər dərhal getdi, müxtəlif növ qanadlı raketlər atdılar"- o, deyib.
Xatırladaq ki, Rusiya gecə saatlarında yenidən raket və pilotsuz təyyarələrlə Ukraynaya hücum edib. İşğalçılar müxtəlif tipli 32 raket atıb, onlardan 16-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Turan İSMAYIL