“Türkiyə, tək ürək” - Kimlər nə qədər yardım etdi?

 13:00 16.02.2023     374

Ötən gün Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər. Kampaniya çərçivəsində 115 milyard 146 milyon 528 min lirə toplanıb. Canlı yayım müddətində 9 milyon 10 min SMS göndərilib və bu yolla milyonlarla lirə əldə edilib.

Redaktor.az marafonla bağlı maraqlı faktları diqqətə çatdırır.

Marafonun keçiriləcəyi ilə bağlı ilkin məlumat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanıb. Fevralın 14-də Nazirlər Kabinetinin iclasından sonra Ərdoğan bildirib ki, Türkiyə, Azərbaycan və Şimali Kipr telekanallarının ortaq yayımında zəlzələdən zərər çəkənlərə yardım toplanacaq. Yığılan vəsait AFAD-ın və Türkiyə “Qızıl Ay” cəmiyyətinin hesabına köçürüləcək.

Ortaq yayımda Türkiyə, Şimali Kipr və Azərbaycandan 213 televiziya və 562 radio iştirak edib. Mədəniyyət xadimləri, biznesmenrlər, idmançılar, siyasətçilər, rəsmi qurumlar, banklar efirə zəng edərək ianə edəcəklərini açıqlayıblar.

Ərdoğan yayıma zəng edərək AFAD hesablarına gələcək hər qəpiyin zəlzələ qurbanları üçün istifadə olunacağını söyləyib. “Kabinet iclasında 136 milyon 589 lirə yardım topladıq. Bizim də töhfəmiz var”, - deyə prezident vurğulayıb.

CHP sədri Kamal Kılıçdaroğlu yayıma qoşularaq bir aylıq maaşını, İYİ Partiya sədri Meral Akşener özünün və yoldaşının bir aylıq maaşını, DEVA partiyasının sədri də özünün və həyat yoldaşının bir aylıq maaşını ianə edəcəyini bildirib. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop zəlzələdən zərərçəkənlərə iki aylıq maaşını bağışlayıb.

Marafonda ən çox ianəni 30 milyard lirə ilə Türkiyə Mərkəzi Bankı edib, “Ziraat Bank” 20 milyard lirə, “VakıfBank” 12 milyard lirə, “Halkbank” isə 7 milyard lirə vəd edib. “Turkcell” 3,5 milyard lirə, “Cengiz Holdinq” 2,5 milyard lirə, “Baykar”, “Türk Telekom” şirkətləri isə 2 milyard lirə verəcəyini elan edib.

Zəlzələdən zərər çəkənlərə ilk gündən kömək edən, bu məqsədlə “Ahbap” yardım platformasının qurucusu Haluk Levent sosial media hesabında verilişə qoşulmaq istədiyini, lakin iştirak edə bilmədiyini bildirib. O, 500 min lirə bağışladığını açıqlayıb.

Azərbaycandan da marafonda yardımlar edildiyi bildirilir, lakin bununla bağlı dəqiq rəqəmlər açıqlanmayıb.