“Taliban” Özbəkistan rəhbərliyinə söz verdi: Əlişir Nəvainin dağıdılan barelyefi bərpa ediləcək
“Taliban” hərəkatı klassik özbək şairi və filosofu Əlişir Nəvainin Məzari-Şərifdə dağıdılan barelyefinin bərpa olunacağına dair Daşkənd qarşısında öhdəlik götürüb.
Redaktor.az "Sputnik Əfqanıstan"a istinadla bildirir ki, bu açıqlama ilə Özbəkistan xarici işlər nazirinin mətbuat katibi Axror Burxanov çıxış edib.
A.Burxanov bildirib ki, Özbəkistan hökumətinin Əlişir Nəvainin barelyefinin yandırılmasına dair sorğusuna cavab verən “Taliban” rəhbərliyi qarşı tərəfi əmin edib ki, bu vandalizm aktı heç bir halda “Taliban”nı hakimiyyətinin siyasi iradəsini əks etdirmir.
“Taliban” rəsmiləri görkəmli özbək mütəfəkkir və şair Əlişir Nəvainin dağıdılmış barelyefinin tez bir zamanda bərpa olunacağına dair vəd veriblər”, - deyə Axror Burxanov vurğulayıb.
Məlumat üçün qeyd edək ki, Əlişir Nəvai 1441-ci ildə Əfqanıstanın Herat şəhərində anadan olub. Özbək əsilli şair Türk xalqlarının ədəbiyyatının inkişafında müstəsna rol oynayıb.