"Ayrı-ayrı ölkələrdə rus dilinin yayılması məhdudlaşdırılır" - Zaxarova
"Rusiya xaricdə rus dilinin yayılmasını məhdudlaşdırmaq üçün getdikcə artan çox çirkin cəhdləri qəbuledilməz hesab edir və pisləyir".
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu fevralın 17-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova deyib.
Diplomatik nümayəndəliyin rəsmi nümayəndəsi xatırladıb ki, fevralın 21-i 1999-cu ildə YUNESKO-nun Baş Konfransı tərəfindən təsis edilmiş Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. "Tədbir dil və mədəni müxtəlifliyin təşviqinə, milli azlıqların yox olmaqda olan dillərinin qorunmasına töhfə verir və bu kontekstdə ayrı-ayrı ölkələrin rus dilinin yayılmasını məhdudlaşdırmaq üçün davam edən cəhdləri tamamilə qəbuledilməzdir" - o, deyib. Qeyd olunub ki, rus dili mərkəzləri, rus məktəbləri, jurnalistlərə və müəllimlərə təzyiqlər edilir, ali məktəblərdə rus dili kafedraları ləğv edilərək slavyan dilləri qruplarına çevrilir. Ayrıseçkilik xarakterli anti-Rusiya kampaniyası çərçivəsində tədbirlər həyata keçirilir. “Russkiy Mir” mərkəzlərinin və digər təhsil humanitar təşkilatlarının fəaliyyəti də praktiki olaraq dondurulub.
Zaxarova bildirib ki, rus dili Ukraynanın təhsil sistemindən, elmdən, idmandan, mədəniyyətdən tamamilə təmizlənir:
"Dövlət qulluqçuları, din xadimləri, sadə vətəndaşlar, o cümlədən uşaqlar rus dilindən gündəlik həyatda istifadə etdiklərinə görə ciddi təqiblərə məruz qalırlar".
Onun sözlərinə görə, oxşar mənzərə Baltikyanı ölkələr və Moldovada da müşahidə olunur, burada bütün səviyyələrdə hakimiyyət “rusdilli əhalinin assimilyasiyasına və rus dilinin yerdəyişməsinə qarşı sərt mövqe tutmağa davam edir”.
"Biz ən yaxın tərəfdaşlarımızın dil siyasətinin hansı istiqamətdə inkişaf etdiyini narahatlıqla izləyirik. Dövlət dillərimizi inkişaf etdirmək üçün rus dilinin istifadəsinə xələl gətirmək olmaz", - diplomat davam edib. Bununla əlaqədar olaraq o, MDB-də rus dilinin millətlərarası ünsiyyət dili kimi elan edilmiş 2023-cü ilin “təkcə müxtəlif tədbirlərin keçirilməsi ilə deyil, həm də tarazlaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə əlamətdar olacağına” ümid etdiyini bildirib.
"Bu kurs rus dili ilə dövlət dillərinin paralel inkişafına yönəldiləcək. Rus dilinin dünya mədəniyyətinin, elminin və təhsilinin mühüm elementi olduğunu nəzərə alsaq, onun istifadəsinə qoyulan məhdudiyyətlər əhalinin müxtəlif bilik və bacarıqlar əldə etməsinə ciddi maneələr yaradır və onların rəqabət qabiliyyətini azaldır", - Zaxarova vurğulayıb.
"Beləliklə, anti-Rusiya kampaniyalarının təşəbbüskarları sadəcə olaraq, ilk növbədə öz vətəndaşlarına pis xidmət göstərəcəklər. Bütün bunlar beynəlxalq ictimaiyyətdən və ixtisaslaşmış çoxtərəfli strukturlardan və yəqin ki, ilk növbədə YUNESKO-dan müvafiq reaksiya tələb edir. Biz də öz tərəfimizdən xaricdə rus dilinin tədrisinə daha da dəstək olmaq üçün lazımi tədbirləri həyata keçiririk və əlavə müraciətlərə cavab verməyə hazırıq” - Rusiyanın XİN rəsmisi bildirib.
Turan İSMAYIL