Niderland iki ölkə ilə birlikdə Ukraynaya 100 "Leopard" vəd etdi
Niderland Almaniya və Danimarka ilə birlikdə Ukraynaya 100 "Leopard" tankı verməyi planlaşdırır.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə deyib.
"Almaniya və Danimarka ilə birlikdə 100 "Leopard" tankı, Almaniya və ABŞ ilə birlikdə "Patriot" hava hücumundan müdafiə sistemləri, eləcə də "Leopard-2" tanklarını sursatla təmin edəcəyik...", - o bildirib.
Rutte onu da vurğulayıb ki, indi Ukraynanın qələbəsi və işğalçı ölkədən müdafiəsi üçün lazım olan hər şeyi etmək lazımdır.
Tankların çatdırılma vaxtı ilə bağlı jurnalistlərin sualını cavablandıran Rutte bunun “mümkün qədər tez” baş verəcəyini qeyd edib. Eyni zamanda baş nazir əlavə edib ki, Ukrayna döyüşə hazır tanklar alacaq.
Xatırladaq ki, fevralın 7-də "Telegraaf" yazıb ki, Niderland Almaniya və Danimarka ilə birlikdə Ukrayna üçün 1980-ci illərdə istehsal olunmuş ən azı 100 "Leopard 1A5" tankı alacaq.
Nəşrin məlumatına görə, tanklar Almaniyada saxlanılır. Onlar döyüş meydanında istifadə edilməzdən əvvəl təmir edilməlidir. Almanlar yaya qədər ilk 20-25 tankı təmir etməyi planlaşdırırlar.
Bundan əlavə, bu il Niderland hökuməti Ukraynaya yardım üçün 2,5 milyard avro xərcləməyi planlaşdırıb.
Ötən ilin sonunda Niderland Ukraynaya 1 milyard avrodan çox dəyərində silah və hərbi texnika verib.
Turan İSMAYIL