Rusiya Moldovaya qarşı hibrid müharibə aparır - Sandu

 20:39 18.02.2023     313

Hazırda Moldovanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələrin heç bir perspektivi yoxdur.

Redaktor.az xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında Moldova Prezidenti Maya Sandu deyib.

O qeyd edib ki, Rusiya təbliğatının uzunmüddətli təsiri NATO-ya üzvlüklə bağlı ictimai dəstəyi məhv edib.

"Rusiyanın nə etdiyini görəndə aydın olur ki, neytrallıq bizi qorumur. Lakin hələlik bunun dəyişdirilməsi üçün ictimai dəstək yoxdur", - deyə Sandu vurğulayıb.

Prezident bildirib ki, Rusiya iqtisadi təzyiq və təbliğatdan istifadə edərək Moldovaya qarşı hibrid müharibə aparır. Onun sözlərinə görə, Rusiyanın Moldova işlərinə qarışmasında məqsəd cəmiyyətdə sabitliyi pozmaq, insanları küçələrə çıxarmaq, hakimiyyəti dəyişmək və Rusiyayönlü hökumət yaratmaq olub.

Sandu eyni zamanda havadan müşahidə və müdafiə sahəsində kömək istəyib, lakin Moldovaya Rusiyadan hazırda müdaxilə təhlükəsi görmədiyini söyləyib.