"Makron Putinlə dialoqa vaxt itirir" - Zelenski

 09:35 20.02.2023     304

Fransa Prezidenti Emmanuel Makron rusiyalı həmkarı Vladimir Putinlə dialoq qurmağa vaxt itirir.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu İtaliyanın “Corriere della Sera” qəzetinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu, faydasız bir dialoq olacaq, əslində Makron vaxtını itirir. Mən belə qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişməkdə acizik. Əgər köhnə sovet imperiyasını bərpa etmək xülyasında özlərini təcrid etmək qərarına gəlsələr, buna bizim edə biləcəyimiz heç nə yoxdur, xalqlar birliyi ilə qarşılıqlı hörmət əsasında əməkdaşlıq edib-etməmək onların işidir” - Ukrayna lideri deyib.

Xatırladaq ki, Fransa Ukraynanı Rusiyanın işğalına qarşı müdafiəsində nə qədər vaxt lazımdırsa, dəstəkləyəcəyinə söz vermişdi.

Tammiqyaslı işğalın başlanmasından bəri Makron tez-tez Putinə zəng vurur və onun zənglərini danışıqlara kömək etmək cəhdi kimi izah edirdi. O, həmçinin “Rusiyanı aşağılamamağa” çağırıb.

Ötən ilin may ayında Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Fransa prezidenti ona Rusiyaya ərazi güzəşti etməyi təklif edib.

Qışda Makron deyib ki, Rusiya danışıqlarda “öz təhlükəsizliyi üçün təminat” verməli olacaq. Bu bəyanat Avropa ölkələrində hiddət dalğasına səbəb olub.

Son müsahibələrinin birində o, Rusiyanın tam məğlubiyyəti ilə bağlı “Fransanın mövqeyi heç vaxt olmayıb və olmayacaq” deyib.

Turan İSMAYIL