Bayden Putin haqqında: "O, bizdən çox yaşaya biləcəyini düşünürdü"

 15:04 20.02.2023     372

ABŞ Prezidenti Co Bayden Ukraynaya artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla kritik avadanlıqların verildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ prezidentinin müvafiq bəyanatı Ağ Evin saytında dərc olunub.

“Dünya Rusiyanın Ukraynaya qəddarcasına təcavüzünün ildönümünü qeyd etməyə hazırlaşarkən, mən prezident Zelenski ilə görüşmək və Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz öhdəliyimizi bir daha təsdiqləmək üçün bu gün Kiyevdəyəm”, - Bayden deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin təxminən bir il əvvəl bu işğala başlayanda Ukraynanın zəif olduğuna və Qərbin parçalandığına inanırdı.

"O, bizdən çox yaşaya biləcəyini düşünürdü. Amma dərindən yanıldı", - bəyanatda deyilir.

Bayden bildirib ki, bu gün Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və komandası ilə Ukraynaya dəstək mövzusunda geniş müzakirələr aparmaq üçün görüşür.

"Ukrayna xalqının hava bombardmanlarından qorunmasına kömək etmək üçün artilleriya sursatları, tank əleyhinə sistemlər və hava müşahidə radarları da daxil olmaqla, kritik avadanlıqların növbəti çatdırılmasını elan edəcəyəm", - ABŞ prezidenti bildirib.

O, həmçinin əlavə anti-Rusiya sanksiyalarının elan olunduğunu açıqlayıb.

Qeyd edək ki, bu gün, fevralın 20-də Bayden Kiyevə səfərə gəlib. Kiyevdə ABŞ prezidenti Mixaylovskaya meydanında prezident Zelenski ilə birlikdə həlak olmuş Ukrayna Qəhrəmanlarının xatirəsini ehtiramla yad edib.

ABŞ Prezidenti Co Bayden Kiyevə səfəri zamanı Ukraynaya yeni hərbi yardım paketi təqdim etdiyini açıqlayıb. Dəstəyin ümumi məbləği 500 milyon dollar qiymətləndirilir.

Turan İSMAYIL