Almaniya Türkiyə və Suriyaya əlavə 50 milyon avro ayırdı

 19:52 21.02.2023     448

Almaniya Suriya-Türkiyə sərhədində baş verən güclü zəlzələdən zərər çəkənlərə maliyyə yardımını demək olar ki, iki dəfə artıraraq əlavə 50 milyon avro ayırıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bu gün Türkiyəyə səfəri zamanı jurnalistlərə bildirib.

Səfərdə Almaniyanın xarici işlər nazirini Almaniyanın daxili işlər naziri Nensi Feser müşayiət edib. "Federal hökumət olaraq biz bu gün yeni 50 milyon avro öhdəlik götürdük" - Burbok deyib.

Eyni zamanda o, Suriyadakı qurbanlar üçün 17 milyon avronun, Türkiyə üçün isə 33 milyon avronun nəzərdə tutulduğunu açıqlayıb. Ümumilikdə Almaniya iki ölkədə zəlzələdən zərər çəkənlərə 108 milyon avro ayırıb.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər 9 saatlıq fasilə ilə baş verib. Ardınca yüzlərlə təkanla müşayiət olunan yeraltı təkanlar Suriyada da hiss olunub. Ötən gün Hatay vilayətində 6,4 və 5,8 bal gücündə iki yeni təkan baş verib. Türkiyənin Fövqəladə Hallar İdarəsi bu gün Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayının 42 310 nəfərə yüksəldiyini bildirib.

Turan İSMAYIL