Papa Rusiya və Ukraynanı müharibəyə son qoymağa ÇAĞIRDI

 18:15 22.02.2023     310

Roma Papası Fransisk Rusiya və Ukraynanı yenidən atəşi dayandırmağa çağırıb.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, o, xarabalıqlar üzərində qazanılan qələbənin əsla gerçək qələbə olmayacağını deyib.

Pontifikin çıxışı Ukraynaya qarşı genişmiqyaslı müharibənin başlanmasının birinci ildönümü ərəfəsində edilib. Bütün bu il ərzində Roma Kilsəsinin rəhbəri mütəmadi olaraq Moskvanın hərəkətlərini pisləyən və sülhə çağıran çıxışlar edib.

"Bu absurd və amansız müharibənin başlanmasından bir il keçdi, necə də kədərli ildönümüdür. Ölənlərin, yaralananların, qaçqınların və köçkünlərin sayı, eləcə də dağıntıların miqyası, sosial və iqtisadi zərər öz sözünü deyir", - Fransisk söyləyib.

"Tanrı edilən bütün cinayətləri və bu qədər zorakılığı bağışlasın. Biz əzab çəkməyə davam edən Ukrayna xalqının yanında olmağa davam edəcəyik", - deyə Roma Papası əlavə edib.

Roma Papası Rusiya hərbçilərinin dinc əhaliyə qarşı törətdiyi qətlləri və digər vəhşilikləri pisləyib: "Gəlin özümüzdən soruşaq, müharibəni dayandırmaq üçün mümkün olan hər şey edildimi? Mən hakimiyyətdə olanların hamısını münaqişəyə son qoymaq, atəşi dayandırmaq və sülh danışıqlarına başlamaq üçün konkret addımlar atmağa çağırıram".