Macarıstan Rusiyaya qarşı sanksiyaları bloklaya bilər
Macarıstan hökuməti dörd nəfərin sanksiya siyahısından çıxarılmasını tələb edərək, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının uzadılması qərarına yenidən veto qoyacağı ilə hədələyib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico"ya bir neçə avropalı diplomat məlumat verib.
Belə ki, çərşənbə axşamı Aİ səfirləri bu məsələdə Macarıstanla kompromis əldə edə bilməyiblər. Nəşrin həmsöhbətləri etiraf edirlər ki, Brüssel Macarıstanın baş naziri Viktor Orbanın tələblərinə təslim ola bilər və qalanların hamısına – 1400-dən çox adama qarşı sanksiyaları uzatmaq üçün dörd nəfəri sanksiya siyahısından çıxara bilər.
Viktor Orbanın konkret kimin sanksiyalardan çıxmaq istədiyi barədə məlumat verilmir.
Bundan əvvəl "Politico" Macarıstanın rusiyalı oliqarxlar Əlişir Usmanov, Petr Aven, Dmitri Mazepin və Viktor Raşnikov da daxil olmaqla 9 rusiyalıya qarşı sanksiyaların ləğvinə çalışdığı barədə məlumat verib.
Lakin Macarıstanın tələbləri bununla məhdudlaşmır. Budapeşt sanksiyaların indiki 6 ay əvəzinə, dərhal 12 ay uzadılması ideyasına qarşı çıxıb.
Qeyd edək ki, müharibənin əvvəlində Macarıstan Rusiyanın Ukraynaya təcavüzünü rəsmi şəkildə pislədi, lakin sanksiyaların tətbiqinə razılıq verməkdən son dərəcə çəkindi, daim özü üçün güzəştlər tələb etdi və vaxtaşırı bütün paketi bloklamaqla hədələdi.
Macarıstan Ukraynaya silah yardımından imtina etdi və Ukraynaya öz ərazisindən silah daşınmasını qadağan etdi.
Eyni zamanda, Macarıstan həm Rusiya, həm də Belarusla əlaqələrini qoruyub saxlamağa davam edir.
Tunar Altunbay