ABŞ-dan Kiyevə xəbərdarlıq - Dəstək sonsuz olmayacaq
ABŞ administrasiyası Ukrayna hakimiyyətinə xəbərdarlıq edib ki, Vaşinqtonun Kiyevi dəstəkləmək üçün tükənməz resursları yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə günü "Reuters" agentliyi məlumat yayıb.
Nəşrin ABŞ rəsmiləri arasında olan mənbəyə istinadən qeyd etdiyi kimi, administrasiya Ukrayna hökumətinə ABŞ-ın resurslarının sonsuz olmadığını bildirib.
"Hamı başa düşür ki, nə vaxtsa buna son qoyulmalıdır. Biz hamımız istərdik ki, bu, mümkün qədər tez bitsin", - mənbə Ukraynadakı hərbi əməliyyatlarla bağlı materialda bildirib.
Agentlik əvvəllər "Ipsos" xidməti ilə birgə keçirdiyi sosioloji sorğuların nəticələrini təqdim edib.
Bu məlumatlara görə, amerikalılar arasında Ukraynaya hərbi yardımın göstərilməsinə dəstək azalıb.
2022-ci ilin aprelində respondentlərin 73%-i bunun lehinə olub. Bu ayın əvvəlinə bu rəqəm 58%-ə düşüb.
Nəşr qeyd edir ki, Konqresdəki respublikaçılar Ukraynaya qeyri-məhdud hərbi yardımın verilməsinə qarşıdırlar.
Agentlik hazırda Xarici Əlaqələr üzrə Avropa Şurasında tədqiqat işlərinə nəzarət edən Dövlət Departamentinin keçmiş rəsmisi Ceremi Şapironun fikrinə istinad edir.
O qeyd edib ki, ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynada eskalasiya riskindən xəbərdardır və Kiyevə yardım Vaşinqtonu bir sıra digər mühüm məsələlərdən yayındırır. Şapiro hesab edir ki, ABŞ administrasiyasının Kiyev və Moskvaya kompromis təklif etmək imkanları məhduddur, çünki Vaşinqton “zəif görünməkdən” qorxur.
Tunar Altunbay