"NATO-ya üzvlüyümüz Türkiyənin əlindədir"
"NATO-ya üzvlüyümüzlə bağlı təsdiq Türkiyənin öz əlindədir. Bu proseslə bağlı heç nə edə bilmərik".
Redaktor.az xəbər verir ki, bunları Finlandiya Prezidenti Sauli Niinistö deyib.
Sauli Niinistö ölkəsinin NATO-ya üzvlük fəaliyyətinin İsveçsiz davam etdirilə biləcəyini xəbər verib.
Dövlət başçısının sözlərinə görə, fevralın 28-də Finlandiya parlamentində NATO-ya üzvlük prosesi ilə bağlı səsvermə keçiriləcək: "Bu qərarı parlament verəcək. Macarıstan və Türkiyə təsdiq edərsə, NATO-ya üzv olacağıq".
İsveçin Baş naziri Ulf Kristersson isə ölkəsinin NATO xaricində Finlandiya ilə çox yaxın hərbi əməkdaşlıq etdiyini və bu səbəbdən Alyansa üzvlük prosesində çiyin-çiyinə olduqlarını bildirib.
Qeyd edək ki, Macarıstan Parlamenti də gələn ay üçün açıqladığı təqvimdə İsveç və Finlandiyanın NATO üzvlüyü üçün 6-9 mart tarixlərində səsvermənin keçiriləcəyi bildirib. Üzvlük təkliflərinin müzakirəsinin gələn həftə keçirilməsi nəzərdə tutulsa da, macar deputatlar iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı ayrı-ayrılıqda səs verəcəklər.