Yanukoviçin oğlu biznesini də Rusiya qeydiyyatına keçirdi - FOTO
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr idarə etdiyi MAKO Holdinq şirkətini Rusiya yurisdiksiyasına verib.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, şirkət yanvarın 17-də Rusiya Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə məlumat daxil etmək üçün ərizə verib.
Qeyd olunur ki, əvvəllər Kramatorksda qeydiyyatda olan “Mako Holdinq” və onun strukturları işğal altında olan Donetskdə Artem küçəsində qeydə alınıb.
Xatırladaq ki, Yanukoviçin oğlunun şirkəti 2006-cı ildən Ukrayna bazarında fəaliyyət göstərir. O, tikinti, ofis və mehmanxana daşınmaz əmlakının idarə edilməsi, kömür ticarəti və sənaye avadanlıqları ilə məşğul olub.
Ötən il Aleksandr Yanukoviçin 300 milyon qrivnasından çoxu Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına bağışlanıb. Söhbət “ÜmumUkrayna İnkişaf Bankı”nın həbs edilmiş vəsaitlərindən gedir. 2011-ci ildən bankın 100%-lik səhmlərinin sahibi keçmiş prezidentin böyük oğludur.
2022-ci ilin sonunda Korrupsiyaya Qarşı Mübarizə üzrə Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, sabiq prezidentin daşınar, daşınmaz əmlakını və vəsaitlərini dövlətin balansına keçirib.
Tunar Altunbay