Bayden onu Dünya Bankının rəhbəri vəzifəsinə irəli sürdü

 20:51 23.02.2023     237

ABŞ Prezidenti Co Bayden Hindistan əsilli iş adamı, Mastercard ödəniş sisteminin keçmiş rəhbəri Ajay Banqunun Dünya Bankının rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə fevralın 23-də Ağ Evin saytında məlumat verilib.

“Ajay tarixin bu kritik vaxtında Dünya Bankına rəhbərlik etmək üçün unikal mövqeyə malikdir. O, iş yerləri yaradan və inkişaf etməkdə olan ölkələrə investisiya gətirən uğurlu qlobal şirkətlərin qurulmasına və idarə olunmasına otuz ildən çox vaxt sərf edib və əsaslı dəyişikliklər dövrlərində təşkilatlara rəhbərlik edib”, - Bayden bildirib.

Ağ Ev qeyd edib ki, namizəd dövrümüzün ən aktual problemlərinin həlli üçün dövlət və özəl resursları səfərbər etmək təcrübəsinə malikdir.

"Hindistanda böyüyən Ajay, inkişaf etməkdə olan ölkələrin üzləşdiyi imkanlar və çağırışlar və Dünya Bankının yoxsulluğu azaltmaq və rifahı artırmaq üçün iddialı proqramını necə həyata keçirə biləcəyi barədə unikal perspektivə malikdir" - Ağ Evin saytında bildirilib.

Banqa bir sıra dövlətlərin maliyyə idarələri, təşkilatları və hökumətlərindən onlarla mükafata malikdir.

Qeyd edək ki, fevralın 15-də Dünya Bankının rəhbəri Devid Malpass yaxın aylarda vəzifəsini tərk etmək niyyətində olduğunu bəyan edib. Qərarın səbəbləri açıqlanmayıb.

Turan İSMAYIL