Ukraynada vurulan tanklar Rusiya səfirliklərinin qarşısında yerləşdirildi - FOTO
Rusiyanın işğalı dövründə böyük qətliam törətdiyi Ukraynanın Buça şəhəri yaxınlığında vurulmuş Rusiyanın T-72 tankı bu ölkənin Almaniyadakı səfirliyinin qarşısına yerləşdirilib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, tankın qabağına “Ukraynadakı müharibəni xatırlatmaq üçün” yazılmış lövhə quraşdırılıb.
Addımın təşəbbüskarlarından birinin sözlərinə görə, tank 2022-ci il martın 31-də Buça yaxınlığında vurulub. O bəyan edib ki, Rusiya qüvvələri milyonlarla insanı öldürüb, qarət edib və bunu hər gün davam etdirirlər.
"Biz tankı terrorçuların qapısına qoymaq istədik",- deyə qeyd edib.
Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilmiş başqa bir T-72B tankı isə Rusiyanın Latviya paytaxtı Riqadakı səfirliyinin yaxınlığında yerləşdirilib.
Rusiya tankları Riqa və Berlinlə yanaşı, bir neçə başqa Avropa paytaxtına da “gedib”. Bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib:
"Bu gecə 4 rus tankı Aİ və NATO ölkələrini "işğal edib". Amma necə deyərlər, bir nüans var: Ukrayna əsgərlərinə təşəkkürlər".