Prezident Qaribaşvili hökumətini tənqid etdi - Ukraynaya görə
Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə Ukraynada müharibənin başlanmasının ildönümünə həsr olunmuş tədbirdə çıxış edərək, Gürcüstan hakimiyyətinin mövqeyini tənqid edib.
Redaktor.az BBC-yə istinadən xəbər verir ki, Zurabişvili Rusiyanın öz hərbi məqsədlərinə nail ola bilmədiyini qeyd edib.
"Moskva Ukrayna hökumətini devirmək, xalqın səbrini tükətmək və Kiyevə beynəlxalq dəstəyi zəiflətməkdə uğursuz oldu. Qərbin demokratik dünyası Rusiyaya qarşı gözlənilməz birlik və həmrəylik nümayiş etdirdi. Bu kontekstdə Gürcüstan hökumətinin özünü təcrid etməsinə, demokratik cəmiyyətdən ayrılmasına və nədənsə hər kəs üçün anlaşılmaz olan neytral və ya balanslaşdırılmış mövqeyə haqq qazandırmağa çalışmasına təəssüf hissini ifadə etməyə bilmərəm. Özü də dəfələrlə belə sınaqlardan keçmiş və bunun nə demək olduğunu bilən ölkə üçün belə bir mövqe anlaşılmazdır. Xoşbəxtlikdən, Gürcüstan cəmiyyəti öz mövqeyini çox aydın ifadə etdi. Cəmiyyət dost ölkə ilə tam həmrəy olduğunu sübut etmək üçün bütün forma və vasitələrdən istifadə etdi", - deyə o qeyd edib.
Zurabişvili vurğulayıb ki, bu gün Tbilisi dünyaya Gürcüstanın əsrlər boyu qoruduğu ləyaqətini unutmadığını xatırladacaq. Onun sözlərinə görə, özü Gürcüstan cəmiyyəti adından ölkə prezidenti kimi bu il ərzində Ukraynaya sarsılmaz dəstəyini bildirib və bundan sonra da Kiyevi dəstəkləməyə davam edəcək.
"Hesab edirəm ki, Gürcüstan hökuməti olmasaydı, Gürcüstan prezidenti bu gün Kiyevdə olmalı idi və mən buna hazır olduğumu bildirmişəm. Təəssüf ki, hökumətin mövqeyi ucbatından dəvət almadım. Amma dəvətin olub-olmamasına baxmayaraq, parlament rəsmi nümayəndə heyətinin göndərilməsini də lazım bilməyib. Təəssüf edirəm ki, bu gün Kiyevdə bizi yalnız müxalifət təmsil edir, buna baxmayaraq, onların orada olmasına şadam", - Zurabişvili bildirib.
Gürcüstanın Prezident Administrasiyasında keçirilən tədbirdə ölkədə akkreditə olunmuş diplomatik korpus nümayəndələri, eləcə də Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili iştirak edib.