Almaniya Ukraynaya daha 4 müasir tank göndərir
Berlin Ukraynaya Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından daha dörd müasir "Leopard 2A6" əsas döyüş tankı vermək qərarına gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin Tviter hesabında bu gün dərc olunmuş mesajında deyilir.
"Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniya Silahlı Qüvvələrinin ehtiyatlarından daha dörd "Leopard 2A6" döyüş tankını Ukraynaya təhvil vermək qərarına gəlib", - məlumatda deyilir. Eyni zamanda bildirilir ki, bu addım Berlinin Kiyevə vəd etdiyi tankların sayını 14-dən 18-ə çatdırır.
"Beləliklə, Portuqaliya və İsveçdən "Leopard 2A6" tankları ilə birlikdə ümumilikdə bir Ukrayna tank batalyonu (31 tank) cəlb olunur" - Almaniya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gün İsveçin müdafiə naziri Paul Jonsson mətbuat konfransında hökumətinin Ukraynaya təxminən 10 "Leopard 2" tankı göndərəcəyini təsdiqləyib. Portuqaliya Kiyevə 3 "Leopard 2A6" tankı göndərəcəyini vəd edib.
Xatırladaq ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 "Leopard 2" tankı göndərəcəyini və digər ölkələrə bu maşınların təkrar ixracına icazə verəcəyini təsdiqləyib. Fevralın 7-də Almaniya Nazirlər Kabineti Kiyevə 178 "Leopard 1A5" tankının çatdırılmasını təsdiqləyib. Hərbi texnika sənaye ehtiyatlarından köçürüləcək. Pistoriusun sözlərinə görə, alman tankları Kiyevə ən gec martın son həftəsində çatdırılacaq.
Turan İSMAYIL