Ukrayna 2023-cü ildə Rusiyanı məğlub edə bilər - Zelenski
Ukrayna təcavüzkarın döyüş meydanında ən azı müəyyən nəticələr əldə etmək istəyinə baxmayaraq, hələ 2023-cü ildə Rusiya-Ukrayna müharibəsində qalib gəlməyə qadirdir.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski fevralın 24-də Ukraynanın Rusiya təcavüzünə müqavimətinin ildönümü şərəfinə təşkil edilmiş "Fevral. Yenilməzlik ili" adlı mətbuat konfransında bildirib.
Jurnalistin bu il rusları məğlub etmək ehtimalı ilə bağlı sualına cavabında Zelenski qeyd edib ki, Ukraynada bunun üçün hər şey var.
"Hamımız qarşıya qoyulan vəzifələri yerinə yetirsək, qalib gələcəyik. Əminəm ki, qələbə olacaq. Mən bu il çox istəyirəm. Bunun üçün bizdə hər şey var - motivasiya, inam, dostluq, diplomatiya. Biz bu işğala qarşı bütün qüvvələri birləşdirmişik", - deyə prezident bildirib.
O, həmçinin qeyd edib ki, dünyada heç bir ölkə təkbaşına, tərəfdaşların dəstəyi olmadan Rusiyanın təcavüzünə müqavimət göstərə bilməz. "Və burada bütün tərəfdaşların “ev tapşırığını” tam şəkildə yerinə yetirmələri vacibdir”, - deyə Zelenski bildirib.
Turan İSMAYIL