Moldova Rusiyadan ordusunu ərazisindən çıxarmağı tələb etdi

 21:21 24.02.2023     577

Moldovanın Baş nazirin müavini, xarici işlər naziri Nikolay Popesku Rusiya Xarici İşlər Nazirliyinin Dnestryanı üçün təhlükə ilə bağlı xəbərdarlığını təxribat adlandırıb və Moskvanı hərbi qüvvələrini Dnestyanı bölgədən çıxarmağı tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, müvafiq bəyanatı Facebook-da dərc edib.

“Biz Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bugünkü bəyanatını təxribatçı hesab edirik və Rusiya hərbi qulluqçularının, habelə Kolbasne anbarlarından sursatların qeyd-şərtsiz və şəffaf şəkildə Moldova Respublikası ərazisindən çıxarılmasının zəruriliyini bir daha təsdiq edirik",- Popesku yazıb.

Eyni zamanda o, Kişinyovun “Dnestryanı problemin müstəsna sülh yolu ilə həllinə” sadiqliyini təsdiqləyib.

Popesku Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dnestryanı ilə bağlı planlaşdırılan hərbi təxribatla bağlı bəyanatını da təkzib edib.

"Moldova Respublikasının hakimiyyəti ictimai rəyi manipulyasiya etmək məqsədi güdərək bu bəyanatları əsassız adlandırıb. Regionda təhlükəsizlik sabitdir",- baş nazirin müavini bəyanatında qeyd edib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Kiyev rejimi yaxın vaxtlarda Dnestryanı əraziyə qarşı təxribat törətməyi planlaşdırır, bu məqsədlə Ukrayna Silahlı Qüvvələrinin bölmələri və “Azov” birləşməsindən istifadə edəcək.

Bəyanatda Ukrayna-Dnestryanı sərhədi yaxınlığında Ukrayna bölmələrinin şəxsi heyəti və hərbi texnikasının əhəmiyyətli dərəcədə cəmləşdiyini bildirilib.

Tunar Altunbay