Malatyada zəlzələ: 1 nəfər öldü, 69 yaralı var- - YENİLƏNİB

 14:48 27.02.2023     854

Türkiyənin Malatya bölgəsində baş verən növbəti zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat yayıb.

Türkiyənin milli təhsil naziri Mahmut Özer isə bildirib ki, təbii fəlakət zamanı 22 bina dağılıb, beş nəfər dağıntılar altından çıxarılıb.

***

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələnin baş verməsi nəticəsində binalar aşıb.

Redaktor.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə briqadası işləyir.

Məlumata görə, zəlzələnin episentri 6,9 km dərinlikdə yerləşib.

Bildirilib ki, yeraltı təkanlar Kahramanmaraş, Adıyaman, Elazığ və başqa yaxın rayonlarda hiss edilib.

***

Türkiyənin Malatya vilayətində zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, vilayətin Yeşilyurt rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 5.6 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Fevralın 20-də isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.