Mirzoyan iranlı həmkarı ilə Qarabağı müzakirə etdi

 17:19 27.02.2023     356

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüş BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən 52-ci növbəti sessiyası çərçivəsində baş tutub.

"Tərəflər enerji, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər, regionda təhlükəsizlik və sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Laçın dəhlizinin "blokadası" ilə bağlı ağır humanitar vəziyyətə toxunan Mirzoyan 9 noyabr 2020-ci il tarixli bəyanata uyğun olaraq, heç bir ilkin şərt olmadan "Dağlıq Qarabağın blokadası"na dərhal son qoyulmasının vacibliyini qeyd edib. Bu kontekstdə o, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycana qarşı təxirəsalınmaz tədbirlərin tətbiqi ilə bağlı qərarının icrasının vacibliyini qeyd edib" - Ermənistan XİN-in açıqlamasında deyilir.

Qeyd olunub ki, Mirzoyan iranlı həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ətrafında vəziyyəti də təqdim edib.

Turan İSMAYIL