Britaniya Rusiyadan qoşunlarını Ukraynadan çıxarmağı tələb etdi

 19:21 27.02.2023     617

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Ukrayna üzrə ötən il yaradılmış Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının işini daha bir il uzatmağa çağırıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bu gün Cenevrədə BMT-nin İnsan Haqları Şurasının 52-ci sessiyasının açılışında çıxış edən britaniyalı nazir Rusiya Federasiyasını Ukraynada apardığı işğalçı müharibəyə görə qınayıb və bu işğal zamanı müharibə cinayətlərinin törədildiyini bildirib.

“Ona görə də bu sessiyada İstintaq Komissiyasının mandatı uzadılmalıdır” -  o, deyib.

Kleverli Rusiyadan maneəsiz humanitar çıxışı təmin etməyi və Londonun Ukraynanın bir hissəsi hesab etdiyi ərazilərdən qüvvələrin dərhal çıxarılmasını tələb edib. Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Rusiya hakimiyyətinə “Rusiyada siyasi motivlərlə həbs edilənləri azad etmək” çağırışlarını təkrarlayıb. Onun sözlərinə görə, Britaniya hakimiyyəti öz məqsədlərinə çatmaq üçün sanksiyalardan istifadə etmək niyyətindədir.

Ukraynadakı hadisələrin araşdırılması üzrə Müstəqil Beynəlxalq Komissiya 2022-ci il martın 4-də BMT-nin İnsan Haqları Şurası tərəfindən yaradılıb və bir il müddətinə mandat alıb. Onun işinin bəyan edilmiş məqsədi “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü kontekstində insan hüquqlarının və beynəlxalq humanitar hüququn bütün iddia edilən pozuntularını və bununla bağlı cinayətləri araşdırmaq” və bu cür pozuntuların faktlarını, şəraitini və səbəblərini müəyyən etməkdir.

Turan İSMAYIL