İranda məktəbə getmək istəyən qızları ZƏHƏRLƏYİRLƏR

 11:55 28.02.2023     398

İranda qızların məktəbə gəlməsinin qarşısını almaq üçün onları zəhərləyiblər.

Redaktor.az xəbər verir ki, bu barədə BBC-nin araşdırmasında qeyd olunub.

BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi də məlumatı təsdiqləyib.

"Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə o bildirib. Nazir müavininin sözlərinə görə, zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir. İctimai qəzəbin artmasından sonra o, çıxışının yanlış anlaşıldığını deyib.

Məlumata görə, ilk zəhərlənmə faktları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bu zaman 18 şagird xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri şəhərdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda hadisə ilə əlaqədar azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.