İstanbulda dövlət xəstəxanası zəlzələ riski səbəbindən boşaldılır

 16:42 28.02.2023     321

İstanbulda dövlət xəstəxanası seysmik müqavimətin yetərincə olmaması səbəbindən boşaldılır.

Redaktor.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

“Yoxlamadan sonra məlum oldu ki, Kağıthane xəstəxanasının binası zəlzələyə tab gətirməyəcək. Yaxın vaxtlarda xəstəxana evakuasiya olunacaq, iki həftədən sonra heyət Seyrantəpə rayonu Şişli uşaq xəstəxanasının binasına aparılacaq”, - məlumatda deyilir.

Xəstəxana 2005-ci ilin may ayında tikilib.

Bir gün əvvəl, fevralın 27-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkə seysmik aktiv qırılmalara yaxın ərazilərdə yeni evlərin tikintisinə icazə verməyəcək. O, dağıdılan binaların yerində hündürmərtəbəli binaların tikilməsinin qadağan olunacağına aydınlıq gətirib.

Fevralın 22-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, ölkə hakimiyyəti binanın çökməsində günahkar olmaqda şübhəli bilinən şirkətlərin rəhbərləri və işçiləri - inşaatçı və podratçılar arasında 564 nəfəri müəyyən edib, onlardan 160-ı həbs edilib.

Fevralın əvvəlində Türkiyənin ölkənin cənub-şərqində, Suriya sərhədi yaxınlığındakı Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələlər baş verib. Son məlumatlara görə, Türkiyədə ölənlərin sayı 44 mini, Suriyada isə 5,8 mini ötüb.

Bir neçə həftə ərzində ölkənin müxtəlif bölgələrində də zəlzələlər qeydə alınıb, lakin daha kiçik maqnituda ilə. Ümumilikdə Türkiyədə 10 000 afterşok olub.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun rəhbəri Hans Kluge zəlzələləri son 100 ildə regionda baş verən ən dəhşətli təbii fəlakət adlandırıb. Onun sözlərinə görə, hazırda bu iki ölkədə təxminən 26 milyon insanın humanitar yardıma ehtiyacı var.

Turan İSMAYIL