Ukrayna BMT və Türkiyəyə taxıl müqaviləsini uzatmağı təklif etdi
"Ukrayna martın ortalarında başa çatacaq taxıl müqaviləsinin uzadılması ilə bağlı BMT və Türkiyəyə təklif göndərib".
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Ukrayna hökumətindəki mənbəyə istinadən məlumat yayıb.
"Biz sövdələşmənin uzadılması məsələsini həll etməyə başlamaq üçün məktub göndərmişik, çünki martın 18-ə çox qalmayıb, lakin hələlik heç bir cavab almamışıq",- "Reuters" sitat gətirib.
Bundan əvvəl Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov bildirib ki, Kiyev sövdələşmənin müddətini 120 gün deyil, “ən azı bir il” uzatmaq üçün rəsmi təklif göndərmək niyyətindədir. O, bunu onunla əsaslandırıb ki, “Ukrayna və dünya kənd təsərrüfatı bazarları uzunmüddətli perspektivdə ixrac həcmini planlaşdıra bilməlidir”.
Ukraynadan ərzaq ixracına dair müqavilələr 2022-ci il iyulun 22-də İstanbulda 120 gün müddətinə bağlanıb. Müqavilələrdən biri Kiyevin nəzarətində olan Odessa, Çernomorsk və Yujnı limanlarından taxıl ixracı prosedurunu tənzimləyir. Rusiya, Türkiyə, Ukrayna və BMT tərəfindən yaradılan İstanbulda Birgə Koordinasiya Mərkəzi silah qaçaqmalçılığının qarşısını almaq və təxribatları istisna etmək üçün taxıl daşıyan gəmiləri yoxlamaq üçün nəzərdə tutulub. Bundan əlavə, Rusiya Federasiyası ilə BMT arasında Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarlarına ixracına müxtəlif məhdudiyyətlərin aradan qaldırılması üzrə dünya təşkilatının öhdəliklərini nəzərdə tutan memorandum imzalanıb. 2022-ci ilin noyabrında taxıl müqaviləsi daha 120 gün uzadıldı, müqavilələrin müddəti martda başa çatır.
Tunar Altunbay