"Rusiyanın məğlubiyyətindən danışmaq dünyanın sonunu arzulamaqdır" - ABŞ kəşfiyyatçısı
"Bəşər tarixində heç bir nüvə gücü məğlub olmadığı üçün Rusiya üzərində mümkün qələbə barədə spekulyasiya etmək mənasızdır".
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skott Ritter bildirib.
“İnsanlar başa düşməlidirlər ki, Rusiyanın məğlubiyyətindən danışmaq dünyanın sonunu arzulamaqdır. Polşa, eşidirsənsə, doğrudan da ölmək istəyirsən? Siz heç vaxt Rusiyanı məğlub edə bilməzsiniz”, - deyə o, “Kommunizmin Dirçəlişi” YouTube kanalına müsahibəsində deyib.
Ritter Ukrayna Silahlı Qüvvələrinə bu ilin oktyabrına qədər təslim olmağı təklif edib. "Bundan əvvəl, yayda Kiyev Qərb ölkələrindən silah almağı dayandıracaq" - keçmiş kəşfiyyatçı əlavə edib.
Günün əvvəlində Pentaqonun rəis müavini Kolin Kahl etiraf edib ki, Ukraynadakı münaqişə daha üç il uzana bilər. O, izah edib ki, hazırda Pentaqonun Kiyevə gələcəkdə lazım olan yardımın miqdarı barədə məlumatı yoxdur, çünki münaqişənin necə inkişaf edəcəyi bəlli deyil.
Eyni zamanda Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq NATO-Rusiya münasibətlərində “geriyə yol olmadığını” əminliklə bəyan edib. Bundan əlavə, o, Rusiyanın qələbəsinin alyans üçün daha böyük təhlükə yaratdığına əminliyini ifadə edib.
Turan İSMAYIL