Yunanıstanda qatar qəzasında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB
Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki,xəstəxanadakı yaralıların sayı 66 nəfərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakisə başsağlığı verib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan başsağlığı məktubunda Yunanıstanda baş vermiş qatar qəzasına görə kədərini ifadə edib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.
***
Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 32 nəfər ölüb, 85 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə "ERT NEWS" telekanalı yanğınsöndürmə xidmətinin sözçüsü Vasilis Vatrakoyannisə istinadən məlumat yayıb.
"Hazırda 32 ölü və 85 yaralı tapılıb", - Vatrakoyannis telekanaldan sitat gətirib.
Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək avtobusla Salonikiyə göndərilib.
Telekanala müsahibə verən bəzi şahidlər qatarların toqquşmasının təsirinin çox güclü olduğunu, bir neçə vaqonun dərhal alovlandığını bildiriblər.
"Ətrafda hər şey yanırdı, sınmış pəncərələrdən çıxdıq. Sonda dərəyə düşdük, ətrafda hər şey tüstüyə büründü, hara getməli olduğumuz bəlli deyildi", - deyə sağ qalan sərnişinlərdən biri bildirib.
Həmidə İbrahimova