Azərbaycanın Ermənistana qaytardığı əsirlərin və meyitlərin sayı AÇIQLANDI
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan əsirlərin, məhbusların və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan İdarələrarası Komissiyanın iclasını keçirib.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla bildirir ki, onun sözlərinə görə, 44 günlük müharibə və müharibədən sonrakı hadisələr nəticəsində, o cümlədən, 2022-ci ildə sentyabr hadisələri zamanı həlak olan 422 erməni hərbçisinin meyiti və qalıqları Ermənistana qaytarılıb və daha iki erməni hərbçinin meyitinin çıxarılması istiqamətində iş aparılır.
“Bundan əlavə, Cermuk hərbi hissəsinin 1 zabiti və 1 hərbi qulluqçusu 2022-ci il sentyabrın 13-dən 14-dək hərbi əməliyyatlar nəticəsində Azərbaycanın nəzarətinə keçən ərazidən çıxarılıb”, - məlumatda deyilir.
A.Abazyan onu da əlavə edib ki, müharibədən sonra Azərbaycan əsirliyindən ümumilikdə 173 nəfər hərbi qulluqçu və mülki şəxs qayıdıb:
"Komissiyaya 19 dekabr 2022-ci il tarixindən bu günə kimi itkin düşmüş şəxsin vəziyyəti barədə məlumat almaq üçün hüquqi, tibbi və sosial məsələlərlə bağlı 101 yazılı müraciət daxil olub".
Tunar Altunbay