Yunanıstanda qatar qəzasının günahkarı məlum oldu

 22:33 01.03.2023     239

"Çərşənbə günü şəhər yaxınlığında qatarın toqquşmasından sonra polis tərəfindən həbs edilən Larissa stansiyasının rəisi səhvən sərnişin qatarını yanlış yola yönəltdiyini deyib".

Redaktor.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

"Mən səhv etdim və sərnişin qatarını Katerinidən gələn yük qatarı ilə eyni relslə yola saldım",- stansiya rəisi polisə açıqlamasında etiraf edib.

Daha əvvəl yerli KİV-in məlumatına görə, stansiya rəisi öz təqsirini inkar edərək, qarşıdan gələn qatarları müxtəlif yollara göndərən avtomatlaşdırılmış sistemin düyməsini basdığını, lakin bunun işləmədiyini bildirib.

Bir sıra stansiya işçiləri qatarın düzgün yolda olub-olmamasını şəxsən yoxlamadığına görə rəisin günahkar olduğunu bildiriblər.

Telekanal qeyd edir ki, “Larisa” stansiyasının rəhbəri sabah məhkəməyə çıxarılacaq.

Onun barəsində bir neçə nəfərin ölümü ilə nəticələnən nəqliyyat təhlükəsizliyinin pozulması maddələri ilə cinayət işi başlanılıb.

Bu da 10 il müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ehtiyatsızlıqdan bir neçə nəfərin ölümü və ehtiyatsızlıqdan bədən xəsarəti yetirmə maddələri ilə də cinayət işlərinin qaldırılacağı gözlənilir.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhərində sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 36 nəfərə çatıb. Xəstəxanadakı yaralıların sayı isə 66 nəfərdir.

Yunanıstan höküməti ölkədə matəm elan edib.

Tunar Altunbay