Senat koronavirusun mənşəyi ilə bağlı kəşfiyyat məlumatlarının açıqlanmasına RAZILIQ VERDİ
ABŞ Konqresinin Senatı yekdilliklə Prezident Co Bayden administrasiyasından koronavirusun mənşəyi ilə bağlı bütün kəşfiyyat məlumatlarının məxfiliyini ləğv etməyi tələb edən qanun layihəsini qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın respublikaçı senatoru Coş Hauli özünün Tviter hesabında məlumat verib.
“Bu gün Senat yekdilliklə COVID-19-un mənşəyi ilə bağlı bütün məlumatların məxfiliyinin açılmasını tələb edən qanun layihəsini qəbul etdi. Qoy xalq həqiqəti görsün!”, - senator yazıb.
Daha əvvəl respublikaçı konqresmenlər Energetika Departamentindən, Dövlət Departamentindən və Federal Təhqiqatlar Bürosundan (FTB) koronavirusun mənşəyi ilə bağlı sənədləri təqdim etməyi tələb ediblər.
“Politico” qəzetinin məlumatına görə, sorğu “The Wall Street Journal” qəzetində ABŞ Energetika Nazirliyinin koronavirusun Çin laboratoriyasından sızma nəticəsində ortaya çıxması ilə bağlı gəldiyi nəticəyə dair məqalənin dərcindən sonra idarələrə göndərilib.
Ümumdünya Səhiyyə Təşkilatı və Çinin 2021-ci ilin martında Vuhana beynəlxalq missiyadan sonra dərc olunan birgə hesabatında qeyd edilib ki, COVID-19-un ortaya çıxması üçün ən çox ehtimal olunan ssenarinin xəstəliyin yarasalardan başqa bir heyvana keçməsi və sonradan insanlara yoluxmasıdır.
Bununla belə, ekspertlər virusun "Huanan" dəniz məhsulları bazarına tam olaraq necə daxil olması ilə bağlı yekun nəticəyə gəlməyiblər. Onun laboratoriya mənşəyi ilə bağlı fikirlər də var.
Turan İSMAYIL