Kremldən Putinlə bağlı daha bir AÇIQLAMA
Rusiya Prezidenti Vladimir Putin martın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri ilə operativ iclas keçirəcək, martın 2-də belə planlar yoxdur.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, belə planlar yox idi. Prezidentin sabaha planı Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasının keçirilməsidir", - Kreml sözçüsü bildirib.
Bildirilib ki, dövlət başçısı belə tədbirləri mütəmadi olaraq, adətən cümə günləri keçirir. Bu iclasların gündəliyinə əməliyyat məsələləri daxildir.
Bundan əvvəl sosial şəbəkələrdə Putinin Federal Təhlükəsizlik Xidmətinin (FSB) bölgəyə daxil olan "ukraynalı diversantların" məhv edilməsi üzrə əməliyyat keçirdiyi Bryansk vilayətində baş verənlərlə bağlı cümə axşamı günü Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirəcəyi barədə məlumatlar yayılıb.
Peskov bildirib ki, dövlət başçısı FSB, Müdafiə Nazirliyi və Rusiya Qvardiyasından Bryansk vilayətindəki vəziyyətlə bağlı hesabatlar alır və regionun qubernatoru Aleksandr Boqomazla əlaqə saxlayır. Kremlin sözçüsünə görə, Putin Pyatiqorsk səfərini ləğv edib, o, Müəllim ilinin açılışını videobağlantı vasitəsilə keçirəcək.
Turan İSMAYIL