Ukrayna Rusiyadakı hadisələrdə əli olmadığını bəyan etdi: "Öz partizanlarınızdan qorxun"
Rusiyanın Bryansk vilayətində qondarma “Ukrayna diversantları” ilə baş verən hadisələr rusların düşünülmüş təxribatıdır. İşğalçı ölkə öz partizanlarından qorxmalıdır.
Redaktor.az “RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
"Rusiya Federasiyasındakı Ukrayna təxribat qrupunun hekayəsi klassik düşünülmüş təxribatdır. Rusiya Federasiyası başqa ölkəyə hücuma və bir illik müharibədən sonra yoxsulluğun artmasına haqq qazandırmaq üçün öz xalqını qorxutmaq istəyir. Rusiyada partizan hərəkatı getdikcə güclənir və aqressivləşir. Partizanlarınızdan qorxun...”, - deyə Podolyak yazıb.
Qeyd edək ki, martın 2-də səhər saatlarında Rusiyanın Bryansk vilayətinin Klimovski rayonunun Suşanı və Lyubeçane sərhəd yaşayış məntəqələrinin guya “Ukraynalı diversantlar”ın hücumuna məruz qalması barədə Rusiya təbliğat mediasında çoxsaylı ziddiyyətli məlumatlar yayılmağa başlayıb.
Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, “dövlət sərhədini pozan silahlı ukraynalı millətçilərin məhv edilməsi üçün tədbirlər görülür”.
Bu arada mediada Ukrayna ərazisindən bölgəyə daxil olduğu iddia edilən 50 və ya daha çox silahlı şəxsin olduğu bildirilir. Dəqiq nə baş verdiyi məlum deyil. Təbliğatçılar ya Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin partladıldığını, ya da elektrik yarımstansiyası və yanacaqdoldurma məntəqəsinin partladıldığını, ya da "təxribatçılar" tərəfindən bu kəndlərin sakinlərinin güllələndiyini, ya da bəzi sakinlərin girov götürüldüyünü iddia edirdilər. Təbliğatçıların özləri sonradan bu mesajların bəzilərini təkzib etdilər - hətta yerli hakimiyyət orqanları belə uydurmaları təsdiqləmirlər.
Ukraynanın Odessa hərbi administrasiyasının rəhbəri Sergey Braçuk hesab edir ki, təsvir edilən hadisələrdən hər hansı biri baş veribsə, deməli, onların arxasında qaçan rus hərbçiləri dayanır. Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan bildirib ki, bu, Ukrayna Silahlı Qüvvələrini gözdən salmaq cəhdidir.
Turan İSMAYIL