Çin Kanadada seçkilərə müdaxilə ilə bağlı iddialara cavab verdi - VİDEO
"Pekinin Kanadadakı federal seçkilərə müdaxiləsi ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur".
Redaktor.az xəbər verir ki, bu barədə Hindistanda keçirilən "G20" nazirlərinin görüşündə Çinin xarici işlər naziri Vanq Yi bildirib.
O, kanadalı həmkarı Melani Koli ilə bu mövzuda müzakirə edib.
Çin Xarici İşlər Nazirliyinin mətbuat xidməti nazirdən sitat gətirib: "Kanadanın işlərinə Çinin müdaxiləsi tamamilə uydurma və əsassız söhbətdir, biz qəti şəkildə əleyhinəyik".
Vanq Yi vurğulayıb ki, Pekin özünə belə addımlara icazə vermir və suveren dövlət proseslərinin toxunulmazlığında israr edir. O, həmçinin gələcəkdə belə anlaşılmazlıqların qarşısını almaq üçün rəsmi Ottavanı ÇXR diplomatik nümayəndəliklərinin tam hüquqlu işləməsi üçün şərait yaratmağa çağırıb. Nazirin fikrincə, şayiələr və yalanlar ölkələrin qarşılıqlı fəaliyyətinə mane olmamalıdır.
Qeyd edək ki, ötən il noyabrın 16-da İnternetdə "G20" sammitindən bir video yayılıb. Orada Çin Prezidenti Si Tszinpin Kanadanın baş naziri Kastin Trüdonu onların məxfi söhbətini mediaya sızdırmaqda günahlandırır. İnternet istifadəçiləri kanadalı siyasətçini danışıqların şərtlərini pozduğuna görə tənqid ediblər.
Həmin sammitdən bir gün əvvəl Trüdo və Si Tszinpin G20 sammiti çərçivəsində qısa qeyri-rəsmi görüş keçiriblər. Kanada Baş nazirinin ofisinin məlumatına görə, Trüdo çinli həmkarına Çinin Kanada seçkilərinə "iddia edilən müdaxiləsi" ilə bağlı narahatlığını bildirib. Si Tszinpin qeyd edib ki, söhbət məxfidir, lakin dialoqun yazısı sonradan ictimaiyyətə açıqlanıb.
Arzu İSMAYIL