İmamoğlu və Yavaş Kılıçdaroğluna belə dəstək oldular

 11:02 04.03.2023     362

Xəbər verdiyimiz kimi, ötən gün Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Ankarada görüşüb.

İYİ partiya sədri Meral Akşenerin zəngindən sonra baş tutan görüşün ardından hər iki siyasətçi Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu dəstəklədiklərini elan ediblər. 

Redaktor.az xəbər verir ki, görüşdən sonra Ə. İmamoğlu sosial media hesabında Kılıçdaroğluna dəstəyini paylaşaraq onun millətin çətin günündə xalqın iradəsini təmsil edəcəyinə ümid etdiyini qeyd edib: “Millət İttifaqı xalqımızın çətin dönəmində üzərinə ağır bir məsuliyyət götürüb. İnanıram ki, millətimizə çarəsiz, ümidsiz günlərdə tək olmadıqlarını göstərəcəklər. CHP-nin öz övladı və Millət İttifaqının Bələdiyə başqanı olaraq millətimizin arzu etdiyi birlik içərisində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıçdaroğlunun və Millət İttifaqının daha da böyüyəcəyinə şübhəm yoxdur”.

İmamoğludan sonra CHP sədri Kamal Kılıçdaroğluna dəstək Mənsur Yavaşdan da gəlib. Yavaş sosial media hesabından verdiyi açıqlamada bunları qeyd edib: “İndiyə qədər verdiyimiz açıqlamalarda partiyamızın sədri cənab Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişdik. Eyni yoldayıq. Ümidimiz Millət İttifaqının bütün maraqlı tərəflərlə yoluna davam etməsidir”.

Xatırladaq ki, martın 2-si “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb (qafqazinfo).