Pentaqon rəhbəri gözlənilmədən İraqa gəlib

 12:03 07.03.2023     442

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri çərçivəsində çərşənbə axşamı əvvəlcədən elan edilmədən İraqa səfər edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İraqın hökumət strukturlarındakı mənbəyə istinadən "Shafaq News" informasiya portalı məlumat yayıb.

Onun sözlərinə görə, Bağdadda Ostinin İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqları planlaşdırılıb, bundan sonra o, kürd muxtariyyətinin paytaxtı Ərbil şəhərinə səfər etmək və burada İraq Kürdüstanının rəhbərliyi ilə görüşmək niyyətindədir.

Qeyd edilib ki, Pentaqon rəhbərinin İraqa səfər planları barədə əvvəllər məlumat verilməyib.

Ostin Yaxın Şərq turnesinə martın 5-də İordaniya səfəri ilə başlayıb və o, Misir və İsraili də ziyarət etməyi planlaşdırır.

Lloyd Ostin bildirib ki, səfəri ilə Vaşinqton və Bağdad arasında strateji tərəfdaşlığın əhəmiyyətini təsdiqləmək niyyətindədir.

"Bağdada uçdum. Biz daha təhlükəsiz, sabit və suveren İraqa doğru irəliləyərkən ABŞ və İraq arasında strateji tərəfdaşlığı bir daha təsdiqləmək üçün buradayam", - Ostin tvitter hesabında yazıb.

Pentaqon Ostinin İraqa səfərini rəsmi olaraq açıqlamayıb.

Turan İSMAYIL