Moldova sərhəd polisi İstanbuldan gələn 4 əcnəbiyə ölkəyə girişi qadağan etdi

 19:50 07.03.2023     348

Moldova xüsusi xidmət orqanları və polisi Türkiyədə xüsusi təlim keçmiş bir qrup şəxsin iğtişaşlar təşkil etmək üçün ölkəyə daxil olmağa cəhd etməsi barədə məlumatları yoxlayır.

Redaktor.az xəbər verir ki, bu barədə mətbuat konfransında hökumət sözçüsü Daniel Voda bildirib.

"Yoxlamalar başa çatandan sonra İnformasiya və Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi rəsmi məlumat verəcək. İndi aidiyyatı orqanlar belə məlumatlardan xəbərdardırlar, yoxlama bitən kimi biz onun nəticələrini dərc edəcəyik",- deyə D.Voda bir neçə Moldova vətəndaşının Kişinyov hava limanında sərhədçi ilə mübahisə etdiyi, Türkiyədə tətildən sonra evlərinə buraxılmamasından qəzəbləndiklərini əks etdirən mediada yayılan videonu şərh edib.

Moldova Sərhəd Polisinin mətbuat katibi Raisa Novitçinin verdiyi məlumata görə, yoxlamadan sonra İstanbuldan gələn 4 əcnəbiyə ölkəyə giriş qadağan edilib, Moldova vətəndaşlığı olan sərnişinlər isə yoxlamadan sonra buraxılıb.

Daha sonra Moldova hakimiyyətinə yaxın sayılan TV8 kanalı hava limanında saxlanılan qrupdan olan gənclərin Türkiyədəki bazalardan birində təlim keçməkdə şübhəli bilindiyini bildirib.

İddialara görə, onlar Moldovada müxalifətin davam edən etirazları zamanı iğtişaşlar təşkil etmək üçün təlim keçiblər.

Lakin aksiyaların əsas təşkilatçısı olan Şor partiyası bu cür bəyanatları rədd edib.

Tunar Altunbay