Akşener niyə kefsiz imiş? - Gecə İmamoğlugil bizə gəldi...

 11:46 08.03.2023     510

Türkiyədə "Millət İttifaqı"nın vahid namizədinin açıqlandığı gecə İYİ Partiya sədri Meral Akşenerin niyə kefsiz olduğu və qəmgin üz ifadəsi geniş müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan partiya sədri bunun səbəbini özü açıqlayıb.

"Bu dünyada oğlumdan başqa, həyat yoldaşım da daxil olmaqla, heç kim mənə zorla nəyisə elətdirə bilməz. Sənədə məcburi qol çəkdiyim üçün qəmgin olmağımdan söhbət gedə bilməz. Sadəcə həmin gecə heç yatmamışdım. Mansur Yavaş və Ekrem İmamoğlugil gecə bizə gəlmişdilər. Müzakirələr apardım. Saat 3-ə işləmişə qədər bizdə oldular. Söhbət apardıq, razılaşma əldə olundu. Namizədlə bağlı sənədə də 6 partiya sədri olaraq imza atdıq. Doğru bilmədiyim heç bir sənədə qol çəkmərəm və bundan ötrü də kədərlənmərəm. Sadəcə yuxusuzluq adama pis təsir edir. Həm də zəlzələ olub, təbəssüm etməkdən çəkinirik", - deyə o bildirib.

Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.