Gürcüstanda etirazlar:  66 aksiyaçı saxlanıldı

 12:42 08.03.2023     368

Gürcüstandakı etirazlarda 66 nəfər saxlanılıb.

Redaktor.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi 50 polis əməkdaşının yaralandığını açıqlayıb.

Bildirilib ki, aksiyaçılar dövlət əmlakına, parlamentin binasına və digər obyektlərə ziyan vurublar. Habelə təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı zorakılıq faktları olub. Saxlanılan şəxslər xırda xuliqanlıq və polisə müqavimətdə ittiham olunur.

Xatırladaq ki, martın 7-də axşam saatlarında Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma olub. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb.

Qeyd edək ki, Gürcüstan parlamentində "xarici agentlər" qanunu ilk oxunuşda qəbul olunub. Burada xarici institutlardan maliyyə yardımı və qrantlar alan qurumların agent elan edilməsindən söhbət gedir. Bu, geniş etirazlara və iğtişaşlara səbəb olub.