İstanbulda 1,5 milyon ev SÖKÜLƏCƏK

 10:02 09.03.2023     299

Türkiyə höküməti 7 baldan yuxarı mümkün zəlzələ nəticəsində uçmaq təhlükəsi ilə əlaqədar 5 il ərzində ölkə ərazisində 17 milyon,  İstanbulda 1,5 milyona yaxın yaşayış binasını sökməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Ekologiya və Şəhərsalma naziri Murat Kurum məlumat verib.

"Türkiyə ərazisinin 70%-dən çoxu seysmik təhlükəli zonalarda yerləşir. Bu ərazilərdən biri də İstanbuldur və burada 5 il ərzində 1,5 milyon yaşayış binasının köçürülməsi planlaşdırılır. Bu səbəbdən onun Avropa və Asiya hissəsində 500 min yeni ev tikiləcək. Bu binalar onlar əvvəlki binaların yerində, lakin 9 bal zəlzələyə davamlı tikiləcək”,- deyə "CNN Türk" nazirin sözlərindən sitat gətirib.

Kurum bildirib ki hazırlıq mərhələsində olan köçürmə planı nəqliyyat logistikasının mövcud strukturunu nəzərə alır. Onun sözlərinə görə,  planın təfərrüatları yaxın günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanacaq.

Qeyd edək ki, türkiyəli seysmoloqlar Anadolu və Avrasiya tektonik plitələrinin qovşağında yerləşən İstanbul bölgəsində 7-7,5 bal gücündə zəlzələ olacağını proqnozlaşdırırlar. Belə sarsıntılarla, qeyd edildiyi kimi, 90 minə yaxın bina dərhal çökə bilər, 260 mini zədələnərək yaşayış üçün yararsız hala düşəcək, 4,5 milyon metropol sakini müvəqqəti mənzilə ehtiyac duyacaq.

Xatırladaq ki, 1999-cu ilin avqustunda İstanbulda 7,6 bal gücündə zəlzələ baş verib. Onun episentri İstanbuldan 80 km aralıda İzmit şəhərində olub, Mərmərə dənizində baş verən zəlzələ nəticəsində sunami yaranıb. Rəsmi məlumatlara görə, o zaman 17,2 min nəfər ölüb. Qeyri-rəsmi məlumatlara görə, İzmit zəlzələsində 40 minə yaxın insan həlak olub, 45 min nəfər yaralanıb.

Tunar Altunbay