Ermənistanda hökumət binasının qarşısında AKSİYA KEÇİRİLDİ

 14:49 09.03.2023     233

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binasının sakinləri yenidən hökumət binası qarşısında etiraz aksiyası keçirərək müvəqqəti olaraq evlərinə qayıtmaq üçün icazə tələb edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

"Tələbimiz dəyişməzdir. Ümid edirik ki, problem nəhayət həll olunana qədər müvəqqəti olaraq evlərimizə qayıdacaq. Bir-iki gün əvvəl mənzilimdə idim, orada hər şey alt-üst olub. Uşaq paltarlarının üzərində şüşə qırıntıları var idi. İstəyirik. hökumət nümayəndəsi bizi dinləsin.Və polisin köməkliyi ilə hansısa yataqxanada evin açarlarını bizə verdilər... Müdafiə Nazirliyinin keçmiş binasında 127 mənzil var idi... Qoy bizə desinlər ki, hər şey hansı prinsiplə edilib, prioritetlər nə olub. 8 nəfərə 17 kvadratmetr sahə ayrılıb. Polis isə bizimlə ultimatum dili ilə danışır”,- sakinlərdən biri bildirib. 

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları sakinlərin qurduğu çadırları yığışdırmaqla hədələyir.

"Lakin bu baş verərsə, çadırlar İrəvanın mərkəzində qurulacaq",- o vurğulayıb.

Aksiya iştirakçıları onların probleminə biganə yanaşan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyanın istefasını da tələb ediblər. Bina sakinləri problem həll olunana qədər etirazlarını davam etdirəcəklərini deyirlər.

Xatırladaq ki, Müdafiə Nazirliyinin keçmiş binası 2022-ci ilin mayında hökumət tərəfindən Dövlət Gəlirləri Komitəsinin balansına verilib. Bütün bu müddət ərzində kompleks boş idi, lakin 2022-ci ilin yayının sonundan ailələr - əsasən cəmiyyətin sosial cəhətdən əlverişsiz təbəqələrinin nümayəndələri binaya köçməyə başlayıblar.

Sakinlərin sözlərinə görə, hazırda burada hər birində 2-4 azyaşlı uşaq olmaqla 150-200 ailə yaşayır. Bütün bu müddət ərzində kirayə haqqı və işıq pulu ödəmədilər (binada su və qaz yox idi). Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, 2022-ci ilin sonunda binada yaşayan vətəndaşların sayı kəskin artıb və bu barədə struktur hüquq-mühafizə orqanlarına məlumat verib. Bu il yanvarın 20-də binada elektrik enerjisi kəsilib. Yanvarın 23-də vətəndaşlar onlar üçün işığı yandırmaq tələbi ilə Yerevan-Aştarak avtomobil yolunu bağlayıblar.

Tunar Altunbay