İran məhkəməsi vurulan Ukrayna təyyarəsi ilə bağlı işi bağladı

 17:24 09.03.2023     455

İran məhkəməsi vurulan Ukrayna təyyarəsi ilə bağlı işə baxmağı yekunlaşdırıb və yaxın vaxtlarda hökm çıxaracaq.

Redaktor.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin (QQ) Ədliyyə Təşkilatının rəhbəri məlumat verib.

"Tansim" Agentliyi  onun sözlərindən sitat gətirib:

“Vurulan Ukrayna təyyarəsi ilə bağlı məhkəmə prosesi başa çatıb və tezliklə hökm çıxarılacaq”.

Qurum rəsmisi mümkün məhkəmə qərarı ilə bağlı vaxtından əvvəl açıqlamalardan da narazılığını bildirib.

“Hakimlərə bu mühüm iş üzrə qərəzsiz qərar vermək imkanı vermək lazımdır”,- o vurğulayıb.

Ümumilikdə 20 məhkəmə iclası keçirilib.

Qeyd edək ki, Ukrayna Beynəlxalq Hava Yollarına (UIA) məxsus PS752 (Boeing 737-800) reysi ilə 2020-ci il yanvarın 8-də Tehrandan Kiyevə uçan təyyarə hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında Əfqanıstan, İngiltərə, Almaniya, İran, Kanada, Ukrayna və İsveç vətəndaşları var.

Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığında uçan "Boinq"i səhvən vurduqlarını və təyyarəni "düşmən hədəfi" ilə səhv saldıqlarını açıqlayıblar. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.

Tunar Altunbay