Rusiya vətəndaşlarına Gürcüstana getməmək tövsiyə edildi

 21:30 09.03.2023     333

Rusiya vətəndaşlarına Gürcüstana səfərdən çəkinmələri tövsiyə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya İqtisadi İnkişaf Nazirliyi Rusiya vətəndaşlarına Gürcüstana səfərdən çəkinməyi tövsiyə edir. Əgər siz artıq həmin ölkədəsinizsə, insanların sıx toplaşdığı yerlərə, xüsusən də Batumi və Tbilisinin tarixi mərkəzlərinə getməməyi tövsiyə edirik",- məlumatda deyilir.

Yardıma ehtiyacı olan mütəşəkkil turistlər üçün “Turist Yardımı” telefon birliyi fəaliyyət göstərir.

Fərdi səyahət edən turistlər İsveçrənin Gürcüstandakı səfirliyinin Rusiya maraqları bölməsinə müraciət edə bilərlər.

Nazirlik əlavə edib ki, İsveçrə səfirliyi Rusiya Federasiyasının Gürcüstandakı maraqlarını təmsil edir.

Xatırladaq ki, parlamentin xarici təsir agentləri haqqında qanun layihəsinin Gürcüstan variantını birinci oxunuşda qəbul etməsindən sonra martın 7 və 8-də Tbilisidə minlərlə insan etiraz aksiyası keçirib.

Hər iki aksiya gecə yarısı təhlükəsizlik qüvvələrinin su şırnaqları və gözyaşardıcı qazdan istifadə edərək dağıdılması ilə başa çatıb.

Martın 9-da səhər saatlarında paytaxtda baş verən iğtişaşlardan sonra hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası qanun layihəsini parlamentdən geri götürmək qərarına gəlib.

Tunar Altunbay