ABŞ İranın yalanını təkzib etdi
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın iki ölkənin məhbus mübadiləsi ilə bağlı ilkin razılıq əldə etdiyi barədə açıqlamasını təkzib edib.
Redaktor.az xəbər verir ki, o, bu barədə "Associated Press"ə bildirib.
Prays xəbəri İranda həbsdə olan ABŞ vətəndaşlarının "ailələrinin əzabını bir qədər də artıran daha bir xüsusi qəddar yalan" adlandırıb. "Biz İranda qeyri-qanuni saxlanılan üç amerikalının azad edilməsi üçün dayanmadan çalışırıq", - Ned Prays deyib: "Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq".
Ağ Evin Milli Təhlükəsizlik Şurası da ayrı bəyanatda mübadilə xəbərini yalan adlandırıb.
Hazırda İranda ABŞ-ın 3 vətəndaşı - Emad Şarqi, Morad Tahbaz və Siamak Namazi həbsdədir.
Bundan əvvəl İranın xarici işlər naziri Abdullahian hər iki ölkənin hakimiyyət orqanlarının “əsirlərin mübadiləsi ilə bağlı ilkin razılığa gəldiyini” bildirib.