Çin lideri Zelenski ilə danışmağı planlaşdırır - KİV

 15:47 13.03.2023     297

Çin lideri Si Cinpin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından bəri ilk dəfə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaq niyyətindədir. Söhbət çox güman ki, Çin lideri gələn həftə Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya səfər etdikdən sonra baş tutacaq.

Redaktor.az bu barədə "RBC-Ukrayna"ya istinadla xəbər verir.

Qeyd olunur ki, Çin sədrinin Zelenski ilə gözlənilən onlayn görüşü Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasında vasitəçilik etmək üçün daha fəal rol oynamaq səylərini əks etdirir.

Nəşr yazır ki, Zelenski ilə birbaşa söhbət Çinin indiyədək Avropada şübhə ilə qarşılanan Ukraynada sülhməramlı rolunu oynamaq cəhdlərində mühüm addım olacaq.

Bundan əlavə, Çin müharibəni bitirməkdə maraqlıdır, çünki o, Pekini təhlükəli vəziyyətə salıb, Sini Çinin Rusiya ilə tərəfdaşlığı və Putinlə yaxın münasibətləri, ABŞ və müttəfiqləri ilə artan inamsızlıq və gərginlik arasında balans yaratmağa məcbur edib.

Bundan əlavə, Si Rusiyaya səfəri çərçivəsində digər Avropa ölkələrinə də səfər etməyi düşünür, baxmayaraq ki, onun tam marşrutu hələ təsdiqlənməyib.

Xatırladaq ki, "Reuters" agentliyi yazıb ki, Si gələn həftə Putinlə görüşmək üçün Moskvaya gələ bilər.

Bu arada Ağ Ev bildirib ki, Çin hələ də Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiya Federasiyasını silahla təmin etmək imkanını nəzərdən keçirir.

Bundan əlavə, Zelenski bu yaxınlarda Çin lideri Si Cinpinlə şəxsən görüşməyi planlaşdırdığını bildirib.

Turan İSMAYIL