"Sonsuz pul çap edə bildiyiniz dövr başa çatacaq"

 10:05 14.03.2023     451

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları dollara inamın azalmasına və onun bütün dünyada hesablaşmalar və ehtiyatlar üçün əsas valyuta kimi mövqeyinin zəifləməsinə səbəb olur.

Redaktor.az xəbər verir ki, bu barədə "Nyu-York Post"un köşə yazarı Cey Nyuman yazır.

O, qeyd edir ki, dünyanın 100-dən çox ölkəsi - Yer kürəsinin yarıdan çoxu - Rusiyaya qarşı sanksiyalara qoşulmayıb və Moskva ilə iş görməkdə davam edir. Hazırda Rusiya Federasiyası üçün dollar əməliyyatlarına çıxış məhdud olduğundan belə dövlətlər hesablaşmaların ilk növbədə milli valyutalarda həyata keçirilməsi üçün başqa yollar axtarır və bu, dolların rolunun azalmasına səbəb olur.

Bundan əlavə, köşə yazarı qeyd edir ki, ABŞ dollarından və onun maliyyə sistemindən iqtisadi silah kimi istifadə edilməsi bir çox ölkələri bu cür tədbirlərə qarşı öz zəiflikləri barədə düşünməyə və onlardan qorunmaq yollarını axtarmağa vadar edib. O əlavə edir ki, bunlardan ən bariz olanı dollardan və ABŞ maliyyə sistemindən asılılığı azaltmaqdır.

"Dollardan imtina ABŞ-ın beynəlxalq mövqeyinə ən güclü zərbə olacaq. Sizin sonsuz pul çap edə bildiyiniz dövr başa çatacaq və biz artıq xarici malları ucuz qiymətə ala bilməyəcəyik... Öz imkanlarınız daxilində yaşamağı öyrənməyin vaxtıdır" ,- deyərək Nyuman fikrini tamamlayıb.

Arzu İSMAYIL